Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Moldova - Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisi açıqlama verib:
Joze Alesio Da Silva (Azərbaycan millisinin baş məşqçisi): “Bu gün oyunumuz alınmadı. Bu da matça tam köklənə bilməməyimizlə bağlıdır. Görüş bizim üçün çox çətin oldu. Rəqibimiz də bu gün ən yaxşı oyunlarından birini keçirdi. Çoxlu səhvlərə yol verdik. Hətta buna görə məğlub da ola bilərdik. Müəyyən epizodlarda bəxtimiz gətirdi. Təbii ki, oyunu təhlil edəcəyik, zəif çıxışımızın səbəbini aydınlaşdıracağıq. Sevinməli tərəf nəticə ilə bağlıdır. Ən azı vacib olan 3 xalı əldə etdik".
Vladimir Vusatıy (Moldova millisinin baş məşqçisi): “Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Bu görüşdə yaxşı nəticə əldə etmək üçün çoxlu məşqlər etmişdik. Həqiqətən də mütəmadi Avropa çempionatının final mərhələsində çıxış edən komandaya qarşı oyun planında yaxşı təsir bağışladıq. Çox istəkli idik, fiziki və funksional olaraq tapşırıqları yerinə yetirdik. Ancaq xırda nüanslar çatmadı ki, bu əziyyətimizi qələbəyə çevirək”.